Mayın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış azərbaycanlı musiqiçilərin iştirakı ilə “Vətən uzaqda deyil” adlı konsert proqramı təşkil olunub.
Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən konsert ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və 28 May – Respublika Gününə həsr edilib.
Tədbirin açılışını edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və dövlət qayğısından bəhs edib. Ölkə hüdudlarından kənarda yaşayan və Azərbaycan musiqisini dünyaya tanıdan azərbaycanlılara təşəkkürünü bildirib. Ardınca tədbir konsert proqramı ilə davam edib. Klassik musiqi axşamında əməkdar artist, pianoçu İslam Manafov, bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə, Azərbaycanın əməkdar artisti, pianoçu Turan Manafzadə, Mehman Xalıqzadə, Nicat Məsimov və Karen Danger-Manafzadə iştirak ediblər.
Konsertdə Sergey Rahmaninovun, Səid Rüstəmovun, Rauf Hacıyevin, Abuzər Manafzadənin bəstələrindən ibarət musiqi əsərləri səslənib. Sonda Abuzər Manafzadənin Xocalı soyqırımına həsr etdiyi “Xocalıya” adlı əsəri səsləndirilib və faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.