Müstəsna təbii resurs potensialına sahib olan ölkəmizdə həmçinin, qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları həyata keçirilir. İnformasiya-kommunikasiya texnologiyaları sektorunun davamlı inkişafı istiqaməti üzrə görülən işlər Azərbaycan prezidenti İlham Əliyevin apardığı iqtisadi-siyasi islahatların ayrılmaz tərkib hissəsidir. Xüsusilə xaricdə fəaliyyət göstərən gənclərin bu sahəyə cəlb edilməsini, Azərbaycanda fəaliyyət göstərərək öz biliklərini burada tam realizə edə bilmələrinin və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etmələrinin təmin edilməsini cənab Prezident çıxışlarında daim vurğulayıb.
Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb edilməsi, gənclərin müəlliflik etdiyi startapların dəstəklənməsi, onların intellektual və yaradıcı potensialının, biznes ideyalarının dəstəklənməsi Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətlərindən biridir. Bu istiqamətdə 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı və "ZADE-AI&ROBOTICS"-in təşkilatçılığı ilə yüksək texnologiyalar və rəqəmsal marketinq təlimlərinə start verilir. Layihə çərçivəsində neuro marketing & branding; startup management; python; machine learning; Aİ(süni intellekt) sahələri üzrə təlimlər keçiriləcəkdir. 2 aylıq təlim müddətini uğurla tamamlayan iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim ediləcəkdir. Qeyd edək ki, Azərbaycan diaspor nümayəndələrinin təlimlərdə iştirakı tam pulsuz təmin ediləcəkdir.