Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaların, milli-mənəvi dəyərlərin Azərbaycan Respublikasının vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar arasında yayılmasını təmin etmək Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətində prioritet istiqamətlərindəndir. 28 may 2020-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünün tamam olması münasibətilə mühacir həyatı yaşamış Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Ceyhun Hacıbəyli, Mustafa bəy Vəkilov, Xosrov bəy Sultanov və Sürəyya Ağaoğlu olmaqla Azərbaycan Demokratik Respublikasının qurucularının, ictimai-siyasi xadimlərin və görkəmli ziyalıların fəaliyyətləri haqqında video çarxlar hazırlanmışdır.
Layihə 7 gün müddətində davam edərək hər gün bir video çarx Fondun “Facebook”, “Instagram”, “Twitter” və “Youtube” sosial şəbəkə hesabları üzərindən yayımlanmışdır.