Azərbaycan Diasporuna Dəstək Fondu COVİD-19 yeni növ koronavirus epidemiyası səbəbiylə dünyada karantin rejiminin tətbiq olunduğu müddətdə xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək və evdə qalma məcburiyyətinin yarada biləcəyi psixoloji gərginlik şəraitində onlara mənəvi dəstək göstərilməsi məqsədilə 16-25 aprel 2020-ci il tarixində Virtual İntellektual Oyun layihəsi həyata keçirmişdir. Layihə xaricdə yaşayan azərbaycanlıların intellektual səviyyədə biliklərinin artırılmasına, zehni inkişafın stimullaşdırmasına, eləcə də komanda şəklində yarışaraq dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın bir-biri ilə əlaqə quraraq şəbəkələşmənin möhkəmlənməsinə imkan yaratmışdır.
12 aprel 2020-ci il tarixində Fondun “Facebook” sosial şəbəkə hesabı üzərindən layihə elan edilmiş, iştirak şərtləri, oyunun qaydaları və komandaların qeydiyyatdan keçməsi haqqında təfərrüatlı məlumat verilmişdir. Nəticə etibarilə, Rusiya, Avstriya, Litva, Türkiyə, Kanada, İspaniya, İordaniya, Fransa, Macarıstan, Cənubi Koreya, Polşa, İtaliya olmaqla on iki ölkə üzrə on dörd komanda yarışda iştirak haqqı qazanmışdır.
Türkiyədən Azərbaycan Respublikasının xalq artisti Cahangir Novruzov, Fransadan Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva, Rusiyadan Moskva Akademik Satira Teatrının rəhbəri Məmmədəli Ağayev, Finlandiyadan Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova, Avstriyadan Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə fəaliyyət göstərən azərbaycanlı alim Bəxtiyar Siracov, Estoniyadan jurnalist Sənəm Əliyeva, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Gürcüstandan Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbəri Leyla Əliyeva, İtaliyadan azərbaycanlı həkim Bahar Yusifzadə, İsveçrədən “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov sualları səsləndirməklə yanaşı, dünya azərbaycanlılarını karantin rejiminə əməl edərək evdə qalmağa və birliyə çağırıblar.
Yekunda Litvadan qatılan “Quizzard” komandası səsləndirilən 30 sualdan 26-na doğru cavab verməklə qalib komanda olaraq elan edilmiş və 1000 AZN dəyərində mükafata layiq görülmüşlər.