Azərbaycan Diasporuna Dəstək Fondu ilə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumun məqsədi dünyanın müxtəlif ölkələrində məskunlaşmış Azərbaycan və Türk icmalarının inkişafına, qarşılıqlı əməkdaşlıq əsasında, dəstək verməkdir.
Azərbaycan Diasporuna Dəstək Fondu ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi xaricdə yaşayan Azərbaycan və Türk icmalarının inkişafı istiqamətində aktual məsələlərin birgə müəyyən edilməsi, eləcə də icmaların müxtəlif sahələr üzrə mütəxəssislərinin şəbəkələşməsinə qarşılıqlı dəstək vermək barədə razılığa gəliblər.
Həmçinin, tərəflər Azərbaycan və Türk icmalarının inkişafına xidmət edən müzakirələrin, seminarların və digər tədbirlərin təşkili, Azərbaycan və Türkiyə iqtisadiyyatına qarşılıqlı investisiya qoyuluşlarının təşviqi istiqamətində layihələr də həyata keçirəcəklər.
Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondu ölkə başçısının 6 iyul 2018-ci il tarixli 170 saylı Fərmanına əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb.