Mart ayının 13-ü Almaniyanın Köln şəhərində, Avropa Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra, Diasporla İş üzrə Dövlət Komitəsinin qısa müddət ərzindəki fəaliyyəti, həyata keçirilmiş layihələr haqqında məlumat verilmişdir. Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olmuşdur. Fondun İcraçı direktoru fond haqqında geniş məlumat vermiş, fondun loqosu və təqdimat filmi nümayiş etdirilmişdir. Fondun İcraçı direktorunun müavini qurumun saytını nümayiş etdirmiş, saytın iş prinsipi və layihələrin yazılma qaydaları haqqında iştirakçıları məlumatlandırmışdır. Tədbir iştirakçılarına bu il təşkil olunacaq Diaspor Gənclərinin II Yay Düşərgəsi haqqında geniş məlumat verilərək, qeydiyyat qaydaları izah olunmuş, Diaspor Gənclərinin Yay Düşərgəsi barədə qısa film nümayiş etdirilmişdir. Tədbirdə, 50 nəfərdək Almaniyanın qərb bölgəsində yaşayan azərbaycanlılar, koordinasiya şurasının üzvləri və təşkilat rəhbərləri iştirak etmişdir. Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilmişdir.