23 martda Almaniyanın Berlin şəhərində Humbolt Forumu və Milli Etnologiya Muzeyinin təşkilatçılığı ilə Novruz Bayramı Festivalı keçirilib. Festivalda Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistandan nümayəndə heyətləri iştirak edib. Tədbiri Etnologiya Muzeyinin direktoru Lars Kristian Kox açıb.Etnologiya Muzeyinin Dostları İctimai Birliyinin sədri Yoxen Brüninq isə çıxış edərək, Novruz bayramının qədim tarixə malik olması və onun geniş coğrafi məkanda qeyd edilməsi barədə məlumat verib. Daha sonra iştirakçı ölkələrdən gəlmiş milli musiqi qrupları öz proqramları ilə çıxış ediblər. Festivalda Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyilə, Təhsil nazirliyinin 2 nömrəli Uşaq-Gənclər inkişaf mərkəzinin “Təbəssüm” rəqs qrupu təmsil edib. Təmsilçilərimiz Odlar Yurdu, Bayram, Naz eləmə, Dəsmalı, Yallı, Qavalla rəqs, Tiflisi rəqs nömrələri ilə çıxış ediblər. Azərbaycan guşəsinə maraq göstərən əcnəbilərə milli adət-ənənələrimiz, mətbəximiz haqqında geniş məlumat verilib. Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktor müavini Aytən Əliyeva da iştirak edib.