"Nəsimi 650" Diaspor Gənclərinin II Yay Düşərgəsi layihəsinin təşkilat komitəsi 1 aprel 2019-cu il tarixli iclasında xaricdə yaşayan azərbaycanlıların layihəyə böyük marağını və qeydiyyat müddətinin uzadılması ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq son qeydiyyat tarixinin 15 aprel 2019-cu ilə qədər davam etməsinə qərar vermişdir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan gənc diaspor nümayəndələrini 8-14 Iyul 2019-cu il tarixlərində Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak etməyə dəvət edir.
Layihənin məqsədi: Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir. Düşərgə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunur.
Düşərgədə 18-29 yaşlarında, Azərbaycan dilində ünsiyyət bacarığı olan və tədbir ərzində tam davamiyyətə məsuliyyətli şəxslər iştirak edə bilərlər. Azərbaycan Diaspor Gənclərinin I Yay Düşərgəsində iştirak edən şəxslər təkrar müraciət edə bilməzlər.
İş qaydası: Düşərgədə Azərbaycanın tarixi və memarlıq abidələrinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri və əyləncəli-maarifləndirici tədbirlər keçiriləcək. Düşərgə iştirakçıları sertifikatla təltif olunacaqlar.
Xərclər: Diaspor Gənclərinin II Yay Düşərgəsi ödənişsizdir. Düşərgənin iştirak xərcləri (yol xərcləri, viza, yaşayış, qidalanma, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.
Müraciət prosesi: Aşağıda göstərilmiş bütün sənədlər 15 aprel 2019-cu il tarixinə qədər http://www.diaspora.gov.az/qeydiyyat/ keçidi vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.
Ərizə forması
– Tövsiyə məktubu (Diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik /konsulluq) və digər təşkilatlardan və şəxslərdən (möhür və ya imza ilə təsdiq olunmuş formada))
– Pasportun surəti
Diaspor Gənclərinin II Yay Düşərgəsinə müraciət etmiş şəxslərlə müraciət müddəti bitdikdən sonra təşkilat komitəsi tərəfindən əlaqə saxlanılacaq və namizədlər video müsahibəyə dəvət ediləcəklər. Yekun seçim müsahibə müddəti tam bitdikdən sonra açıqlanacaqdır.