2 - 4 aprel tarixlərində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin tərkibində Gürcüstana səfər edib. Səfər çərçivəsində Fondun icraçı direktoru Gürcüstanın Baş naziri Mamuka Baxtadze, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili və Gürcüstan Parlamentinin vitse spikeri ilə Tiflisdə keçirilən rəsmi görüşlərdə iştirak edib. Görüşdə Azərbaycan icmasının fəaliyyəti və icma üzvlərinin Gürcüstan cəmiyyətinə inteqrasiyası məsələləri müzakirə olunub. Səfər müddətində Gürcüstan universitetlərində təhsil alan axıska türkləri ilə görüş keçirilib həmçinin, dahi Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin ev muzeyi ziyarət olunub.
Aprelin 3-də isə nümayəndə heyəti Dmanisiyə səfər edib. Dmanisi Təhsil Mərkəzində yerli icma nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dmanisi rayonunun meri Giorgi Tatuaşvili, Kvemo Kartli qubernatorunun müavini Kaxa Koberidze, Dmanisi bələdiyyəsindən Gürcüstan Parlamentinin deputatı Kaxaber Okriaşvili, Dmanisi rayon merinin müavini Arif Suleymanov, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirliyinin şöbə müdiri Zviad Zviadadze, Xarici İşlər Nazirliyinin nümayəndəsi Tamar Tevdoradze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Aprelin 4-də nümayəndə heyəti Laqodexi rayonuna səfər edib. Laqodexi bələdiyyəsi nümayəndələrinin müşayiətilə Qabal kəndində fəaliyyət göstərən İctimai Mərkəzlə tanışlıq olub. Görüşdə Qabal sakinləri onları narahat edən problemlərdən və qayğılarından söz açıblar. Problemlərin həlli istiqamətində müzakirələr aparılıb və təkliflər səsləndirilib.