Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev 14 aprel 2019-cu il tarixində Ukraynaya səfər edib. E.Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ilə birgə Kiyevdə yeni yaradılmış Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayında iştirak edib. Ukraynanın 20-yə yaxın bölgəsindən 200-dək nümayəndənin iştirak etdiyi tədbirdə Fondun icraçı direktoru Elşad Əliyev çıxış edərək əvvəlcə UAR-ın yaradılması münasibətilə qurultay iştirakçılarını təbrik edib daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) təqdimat mərasimi keçirilib.
Fondun icraçı direktoru qurumun fəaliyyət istiqamətləri haqqında diaspor nümayəndələrinə geniş məlumat verib, Fondun təqdimat filmi, loqosu və rəsmi internet səhifəsi nümayiş etdirilib. ADDF-nin fəaliyyəti haqqında geniş məlumat verən E.Əliyev bildirib ki, Fond diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq. Tədbirdə Fondun rəsmi internet səhifəsinin iş prinsipi və qeydiyyat qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
ADDF-nin təqdimatını maraqla qarşılayan Ukraynanın azərbaycanlı icması Fondla bağlı geniş müzakirə aparıb. Elşad Əliyev diaspor üzvlərinin suallarını cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikasının Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində yaradılıb.