Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Qarabağ Azərbaycan məktəbinin açılış mərasimi keçirilib. Məktəbin açılışında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə Cümhuriyyətinin Nant şəhərindəki baş konsulu Ebrar Çubukçu, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin nümayəndələri Eldar Məmmədov və Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalov və Şuranının üzvləri iştirak ediblər. Açılış mərasiminə bu ölkədə yaşayan 25-i məktəbli olmaqla, 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Çıxış edənlər Fransada məktəbin yaradılmasının önəmi haqqında danışıb, dövlətimizin xaricdə yaşayan həmvətənlərimizə göstərdiyi qayğının nümunəsi kimi dəyərləndiriblər. Qarabağ Azərbaycan məktəbində 6-9 və 9-13 yaşlar üzrə iki sinif fəaliyyət göstərəcək. Şagirdlərə Azərbaycan-dili ilə yanaşı Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti tədris ediləcək. Məktəbdə kitabxana da fəaliyyət göstərir və burada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dillərində kitablar toplanıb. Mərasimdə məktəbin şagirdləri tərəfindən şerilər səsləndirilib, “Sarı gəlin” mahnısı və yallı rəqsi ifa olunub. Məktəbin gələcək fəaliyyətinə dəstəyi Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) həyata keçirəcək.