Mayın 20-də Madriddə Beynəlxalq Miqrasiya Təşkilatının İspaniya üzrə rəhbəri Mariya Xesus Herrera bu ölkədə səfərdə olan Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyevi və Komitənin nümayəndə heyətinin üzvlərini qəbul edib.
Görüşdə xanım Herrera globallaşmanın Avropa ölkələrində, eləcə də İspaniyada təsirlərindən danışaraq, miqrantların məskunlaşmasının ölkənin sosial-mədəni həyatına mühüm təsir etdiyini söyləyib. Bu baxımdan Miqrasiya üzrə Beynəlxalq Təşkilat və İspaniya üzrə nümayəndəlik miqrantların yeni cəmiyyətə inteqrasiyası üçün çoxsəpkili tədbirlər və layihələr həyata keçirdiklərini qeyd edib. Bundan əlavə, İspaniyada təqribən 3000-ə yaxın azərbaycanlının yaşadığı haqqında məlumata malik olduğunu vurğulayıb. O, məmnunluqla qeyd edib ki, başçılıq etdiyi nümayəndəlik Azərbaycan Diasporuna Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın İspaniyadakı səfirliyi və diaspor təşkilatları ilə əməkdaşlıq etməyə, İspaniyada yaşayan Azərbaycan icmasına müvafiq məsələlərinin həllində dəstək olmağa hazırdır.
Aparılan bir sıra müzakirələrin ardından Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, dünyanın bir çox ölkələrindən cəlb olunmuş gənc soydaşlarımızın iştirakı ilə keçirilən Diaspor Gənclərinin Yay Düşərgəsi haqqında məlumat verib. O, qeyd edib ki, Fond mühacir həyatı yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin qorunması, sosial-mədəni layihələrin həyata keçirilməsi ilə bağlı müraciətlərinə davamlı dəstək verir.