5-9 sentyabr tarixlərində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin tərkibində Fransa Respublikasına səfər edib.
Səfər çərçivəsində Fransanın Strasburq şəhərində Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin əməkdaşları və Strasburq şəhərində yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. Fondun fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandıran Elşad Əliyev diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində bundan sonra Fondun əsas rol oynayacağını qeyd edib. Ardınca Fondun təqdimat filmi, logosu və layihə təqdim edilməsi ilə bağlı infoqrafik videolar nümayiş etdirilib.