Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Aytən Əliyeva Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin tərkibində ABŞ-a səfər edib.
Səfər çərçivəsində Portlənd şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, diaspor təşkilatlarının, türk icmasının nümayəndələri, ABŞ-ın məşhur Universitetlərində, o cümlədən Harvard Universitetində təhsil alan gənclərin iştirakı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib.
Fondun fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandıran Aytən Əliyeva diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində bundan sonra Fondun əsas rol oynayacağını qeyd edib. Ardınca Fondun təqdimat filmi, logosu və layihə təqdim edilməsi ilə bağlı infoqrafik videolar nümayiş etdirilib.