Noyabrın 12-də Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriya Respublikasına səfər edib. Ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov, Türkiyənin Vyana şəhərindəki baş konsulu Asip Kaya, türkdilli ölkələrin səfirliklərinin təmsilçiləri, Azərbaycan və türk diaspor fəalları, Avstriya ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Fondun təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, ötən il Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Fond, digər ölkələrdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlər və ənənələrinin qorunub saxlanılması habelə, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinin güclənməsinə və diaspor sahəsində müxtəlif layihələrin reallaşdırılmasına dövlət dəstəyinin verilməsini təmin edir.
Səfər çərçivəsində Elşad Əliyev və icraçı direktorun müavini Aytən Əliyeva Avstriyanın Vyana şəhərində Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Təşkilatının yeni ofisinin açılış mərasimində iştirak ediblər.