Azərbaycan Diasporuna Dəstək Fondu COVİD-19 yeni növ koronavirus pandemiyası səbəbiylə dünyada karantin rejiminin tətbiq olunduğu bu günlər ərzində xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək məqsədilə silsilə konsert proqramları təşkil edir. Beləki, konsert proqramları dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilərin iştirakı ilə Fondun facebook sosial şəbəkə hesabı üzərindən canlı yayımlanır. 11 aprel tarixindən etibarən başlayan “Biz birlikdə güclüyük” konsert proqramı layihəsində bu günədək bir çox azərbaycanlı musiqiçilər iştirak ediblər. Avstriyadan Abuzər və Karen Manafzadələr, Fransadan Ağarəhim Quliyev və Səidə Zülfüqarova, ABŞ-dan Nərgiz Əliyarova, Oman Sultanlığından Vüsalə Əmirbəyova müxtəlif musiqi alətlərində ifaları ilə konsert proqramı ilə çıxış ediblər. Böyük maraqla qarşılanan layihənin ikinci hissəsi aprel ayının 30-dək davam edəcəkdir.
Oman Sultanlığının paytaxtı Maskatda yaşayan azərbaycanlı musiqiçi, Sənətşünaslıq üzrə Fəlsəfə doktoru Vüsalə Əmirbəyova 21 aprel saat Bakı vaxtilə 22:00-da konsert proqramı ilə çıxış edib. Azərbaycan və dünya bəstəkarlarının əsərlərini pianoda ifa edən Vüsalə Əmirbəyovanı Sultan Qabus Universitetinin müəllimi Şəbnəm Şıxəliyeva qanun aləti ilə müşayiət edib. Vüsalə Əmirbəyova Yaponiya, Sinqapur, Tailand, Rusiya, Almaniya, Böyük Britaniya kimi ölkələrdə keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil edib və bir çox mükafatlara layiq görülüb. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev, Üzəyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev yaradıcılığı ilə bağlı beynəlxalq konfranslarda təqdimatlar həyata keçirib.
Növbəti konsert proqramı 23 aprel tarixində 22:00-da fortepianoda Jalə Rəsulova və skripkada Fərid Feyzullayevin ifasi ilə yayımlanacaqdır.
Jalə Rəsulova Bakı Musiqi Akademiyası və Macarıstanın Ferens List adına Musiqi Akademiyasının məzunudur. Azərbaycan, İtaliya, Macarıstan, Slovakiya, Sloveniya ve Avstriyada həm solo, həm ansambllarla çıxış etmiş musiqiçi hazırda fəaliyyətini Vyana şəhərində davam etdirir.
Avstriyanın Musik und Kunst Privatuniversitat der Stadt Wien Universitetində təhsil almış Fərid Feyzullayev Almaniya, İspaniya, İtaliya, İngiltərə kimi ölkələrdə solo konsertlər verməklə yanaşı bir çox yerli və beynəlxalq mükafatlara layiq görülüb.
Azərbaycan Respublikasının əməkdar artisti İslam Manafov və qızı bəstəkar, pianoçu, dirijor Turan Manafzadə 26 aprel 22:00-da konsert proqramı ilə çıxış edəcəklər. İslam Manafov səhnə fəaliyyəti ilə yanaşı, Türkiyənin Yeditepe Universitetində pedaqoji fəaliyyətini də davam etdirir və Bakı Musiqi Akademiyasının dosentidir. Qızı Turan Manafzadə də öz növbəsində musiqi fəaliyyətində bir çox uğurlara nail olub. O, 2017-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb və bir çox beynəlxalq müsabiqələrdə iştirak edərək dərəcələr əldə edib.
Niderland Krallığında yaşayan azərbaycanlı musiqiçi Firəngiz Bağırova 29 aprel Bakı vaxtı ilə 22:00-da solo ifa ilə çıxış edəcəkdir.1996-cı ildən Niderlandda yaşayan Firəngiz Bağırova Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin sədridir. Həyata keçirdiyi fəaliyyəti nəticəsində o, Niderland cəmiyyətini Azərbaycan musiqisi ilə tanış edir, müxtəlif konsert proqramları ilə çıxış edir.