12 may Bakı vaxtı ilə saat 15:00-da “Pandemiya ilə əlaqədar fəaliyyətdə yaranan çətinliklər, həlli yolları və gələcək perspektivlər” mövzusunda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi ilə videokonfrans keçirilib.
Virtual toplantıda Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Anar Rəsulov, GAİM-in icraçı direktoru Aygül İsayeva, GAİM-in idarə heyətinin sədri və layihə koordinatoru Murad Muradov, mərkəzin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Əliyeva, gürcü dili və ədəbiyyatı müəllimi Leyla Babayeva, məntiq və riyaziyyat müəllimi Musa Ömərov, ingilis dili müəllimi Məhəmməd Aslanov, tarix müəllimi Nərgiz Nəbiyeva, məktəbəqədər hazırlıq üzrə müəllim Hafizə Qasımova iştirak ediblər.
Müzakirələr zamanı Gürcüstandakı mövcud durum, təhsil və tədrisdə yaranan problemlər, onlayn tədris imkanları barədə fikir mübadiləsi aparılıb. Fövqəladə vəziyyətin bitməsindən və karantin rejiminin aradan qaldırılmasından sonra GAİM-də sosial məsafə qaydasına əməl olunmaqla tədrisin bərpa olunmasının mümkünlüyü vurğulanıb. Ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə isə dəstək olmaq məqsədilə məntiq və riyaziyyat fənlərinin onlayn tədrisinin bərpa olunması qərara alınıb.