12 fevral tarixində Azərbaycan Diasporuna Dəstək Fondunun Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.
İclasda baxılması üçün Müşahidə Şurasına Fondun elektron sisteminə diaspor təşkilatları və nümayəndələri tərəfindən 2020-ci ilin son rübü və cari ilin yanvar-fevral ayları ərzində daxil olan layihələr təqdim olunub.
Layihələr ilk öncə Fondun əməkdaşları tərəfindən araşdırılaraq müvafiq rəylər hazırlanıb, daha sonra qərar verilməsi məqsədilə Müşahidə Şurasına təqdim edilib. İclasda müzakirələr nəticəsində maliyyə vəsaitinin ayrılmasına qərar verilmiş layihələr əsasən xaricdə yaşayan azərbaycanlılarının öz ana dillərində informasiya təminatının təşkil olunması, ödənişsiz hüquqi konsultasiya xidmətlərinin təşkili, Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği və dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunması istiqamətində olmuşdur.
2020-ci ildən etibarən COVİD-19 qlobal pandemiyası səbəbilə dünyada elan edilən karantin rejimi dövründə onlayn platformalar üzərindən aktiv fəaliyyət göstərən Fond bu müddət ərzində bir çox layihələr həyata keçirib. Cari il ərzində də pandemiyanın nəticələri və bir çox ölkələrdə böyük tədbirlərin keçirilməsi ilə bağlı qadağalar qüvvədə olduğu müddətdə Fond onlayn layihələrini keçirməyə davam edəcəkdir.