Azərbaycan dövləti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Xaricdə yaşayan həmvətənlərimiz tərəfindən Xocalı soyqırımının dünyada təbliği yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirilməkdədir.
Azərbaycan Diasporuna Dəstək Fondu və İngiltərənin paytaxtı London şəhərində fəaliyyət göstərən “Westminster Azerbaijan Society”- in birgə təşkilatçılığı ilə Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə videoçarx təqdim edilib.
İngiltərədə təhsil alan həmvətənimiz və eyni zamanda Londonda fəaliyyət göstərən “Westminster Azerbaijan Society”- in rəhbəri olan Mirkazım Seyidzadənin təşəbbüsü ilə hazırlanan videoçarxda müxtəlif xarici ölkələrin vətəndaşları tərəfindən Xocalı həqiqətləri ispan, italyan, fransız, çin və digər dillərdə səsləndirilmişdir. Belə bir layihənin həyata keçirilməsində məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.
Videoçarxı Azərbaycan Diasporuna Dəstək Fondunun və “Westminster Azerbaijan Society”- in sosial şəbəkə hesablarından izləyə bilərsiniz.