Bu gündən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə bir aylıq "YAŞAT" marafonuna başlanılır. Bir ay ərzində toplanan vəsaitin məbləği mayın 25-dən sonra ictimaiyyətə açıqlanacaq.
Marafonun məqsədi qazilərə və şəhid ailələrinə dəstək üçün dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır. Marafonda bütün dünya azərbaycanlıları “Gəlin Yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar. Videoyayım formatında təşkil ediləcək Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş ediləcək. Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilər çıxış edəcəklər. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunacaq.