Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşəbbüsü ilə Vətən müharibəsi şəhidlərinin və yaralıların ailələrinə dəstək məqsədilə 25 may tarixində Xeyriyyə Marafonu təşkil ediləcək.
Marafon Azərbaycan Dövlət Televiziyası (AzTV) vasitəsilə saat 21.00-da yayımlanacaq və geniş auditoriyanı əhatə edəcək.
Azərbaycan diaspor tarixində ilk dəfə təşkil ediləcək Xeyriyyə Marafonunda müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilər çıxış edəcəklər. Onlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olanların və yaralananların ailələrinə yardım məqsədilə ilə yaradılmış "YAŞAT" Fondunun fəaliyyətinə dəstək göstərilməsi ilə bağlı çağırışlar səsləndirəcəklər.
Soydaşlarımızın aktiv iştirakını təmin etmək məqsədilə Marafonun Təşkilat komitəsi dünya azərbaycanlılarına müraciət də edib. Müraciətdə deyilir:
"Əziz həmvətənlər! Azərbaycan dövləti ərazilərimizin bütövlüyü uğrunda şəhid olanların xatirələrini daim əziz tutur, şəhid və qazi ailələrinin qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, bu insanların problemlərinin həlli istiqamətində davamlı işlər görür. Bununla belə, doğma Vətənimizin ərazi bütövlüyü uğrunda fədakarcasına canlarından keçənlərin ruhuna hörmət, sağlamlıqlarını itirənlərin rifahının yaxşılaşdırılmasına kömək göstərmək hər birimizin vətənpərvərlik borcudur.
Vətən müharibəsi dönəmində bütün dünya azərbaycanlıları "dəmir yumruq" ətrafında sıx birləşərək diaspor-dövlət birliyini bir daha sübut etdi. Azərbaycan Diasporuna Dəstək Fondu və “YAŞAT” Fondu bu birliyə güvənərək Vətən müharibəsi şəhidlərinin və yaralıların ailələrinə dəstək məqsədilə Xeyriyyə Marafonu təşkil edir.
Xeyriyyə Marafonunda iştirak ailələrini bizə əmanət edən qəhrəman oğullarımızın ruhu qarşısında Vətənə sədaqət nümunəsidir. Bu müqəddəs işə töhfə verəcəyinizə inanaraq, bütün həmvətənlərimizi marafonda birliyimizi bir daha nümayiş etdirməyə çağırırıq".
https://diaspora.foundation/donation