Estoniyada Azərbaycan Milli Musiqi Günü qeyd edilib

18 Sentyabr 2021
  • Xəbərlər
  • Estoniyada Azərbaycan Milli Musiqi Günü qeyd edilib

Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Evində 18 sentyabr - Azərbaycanın Milli Musiqi Gününə həsr edilmiş tədbir təşkil edilib. Sentyabrın 18-i həm də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümüdür.

Tallindəki Azərbaycan Evində təşkil olunmuş konsertdə Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin musiqiləri səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Estoniyadakı səfirləri, Eston ictimaiyyətinin rəsmi və tanınmış simaları, diaspor nümayəndələrimiz və Estoniyada təhsil alan gənclərimiz iştirak ediblər.

Azərbaycan və Türkiyənin səfirləri tədbiri açıq edərək, Azərbaycan Evində Milli Musiqi Gününü birlikdə qeyd etməyin sevincini qonaqlara çatdırıblar.

Konsertdə gənc azərbaycanlı musiqiçilər Nəriman Əmiraslanov, Nigar Süleyman, Tokay Oqtayoğlu, Humay Hacızadə və Nərgiz Əskərovanın ifasında dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından müqəddimə, “Cəngi”, böyük mütəfəkkir və şair Nizami Gəncəvinin əsərlərindəki obrazlara uyğun olaraq bəstələnən “Sənsiz” musiqiləri səsləndirib. Bununla yanaşı dahi Azərbaycan bəstəkarları Tofiq Quliyevin, Şəfiqə Axundovanın, Qara Qarayevin, Cahangir Cahangirovun, Vaqif Musatafazadənin əsərləri dinləyicilərə təqdim edilib. Eston musiqiçi Mari Liis Uibonun, türkiyəli musiqiçi Faris Hekarenin iştirakı və  azərbaycanlı musiqiçilərlə birgə ifaları tədbiri daha da rəngarəng edib.

Tədbir zamanı Estoniyada Azərbaycan diasporunun dəstəyi ilə Türkiyə - Estoniya Mədəniyyət Mərkəzinin də fəaliyyətə başlaması qeyd edildi. Azərbaycan - Türkiyə diasporunun fəaliyyətinin birgə həyata keçirilməsi, sıx əməkdaşlığı və bir birinə dəstəyi Prezident İlham Əliyevin hər zaman diaspor siyasəti ilə bağlı qeyd etdiyi ən vacib məqamlardandır. Prezident İlham Əliyevin qeyd etdiyi bu fikirlərə əsaslanaraq iki qardaş ölkənin diasporlarının Estoniyada birgə fəaliyyəti, bir birinə dəstəyi daha inkişaf edir və möhkəmlənir.

Üzeyir Hacıbəyli ölkəmizdə musiqini tədris etməyə, klassik və xalq musiqisini öyrənərək bədii xüsusiyyətlərini meydana çıxarmağa, müxtəlif musiqi kollektivləri yaratmağa nail olmuşdur. O, böyük bəstəkar və musiqi nəzəriyyəçisi kimi tanınıb.

Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Üzeyir Hacıbəylinin anadan olduğu gün - sentyabrın 18-i Milli Musiqi Günü kimi qeyd edilir.