Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələri Tallin şəhər meriyasının sabiq müavini, soydaşımız Züleyxa İsmayılova ilə görüşüb.
Görüş zamanı Fondun icraçı direktoru Ə.Abdullayev Azərbaycan və Estoniya arasında inkişaf edən ikitərəfli münasibətlərdən, Estoniyada yaşayan və təhsil alan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiya və əməkdaşlıq imkanlarından bəhs edib.
Xanım Züleyxa İsmayılova, öz növbəsində, iki ölkə, xalqlar və soydaşlarımız arasında artıq təşəkkül tapmış əməkdaşlıq münasibətlərinə töhfə vermək arzusunda olduğunu qeyd edib.
Daha sonra Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan icması ilə görüş keçirilib. Azərbaycan Evində baş tutan görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, Estoniyada yaşayan azərbaycanlı icma üzvləri, tələbələr və həmin ölkədə yaşayan qardaş Türkiyə və Qırğızıstan icma üzvləri də iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev tədbir iştirakçılarını salamlayaraq, Fondun yaradılması, fəaliyyət istiqamətləri, görülən işlər və qarşıdakı fəaliyyət barədə nəzərdə tutulan addımlardan bəhs edib. Ə.Abdullayev Tallindəki Azərbaycan Evinin qısa zamanda fəaliyyətə başlamasına baxmayaraq yarandığı gündən soydaşlarımızı birləşdirən məkana çevrildiyi, pandemiya məhdudiyyətləri dönəmində burada soydaşlarımıza mənəvi və xeyriyyə dəstəyinin göstərildiyi, 44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın haqq səsinin eston ictimaiyyətinə çatdırılmasında Estoniyadakı soydaşlarımızın xüsusi aktivliyini vurğuladı.
Tədbir daha sonra Estoniyada yaşayan soydaşlarımızın fikir və təkliflərinin səsləndirilməsi, müzakirəsi və eyni zamanda Fondun son illərdəki fəaliyyətinə, Vətən müharibəsinə və xaricdə yaşayan soydaşlarımızın Şuşa səfərinə həsr olunmuş videoçarxların nümayiş etdirilməsi ilə davam edib.
Tədbir 8 Noyabr – Zəfər Günü ilə bağlı həyata keçiriləcək tədbirlər planının müzakirəsi və gənclərin ifasında bədii proqramın nümayişi ilə yekunlaşıb.