Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) əməkdaşlarının Estoniyaya səfəri çərçivəsində Tartu şəhərində yaşayan və təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə Fondun icraçı direktoru Əkrəm Abdullayev açıb. Fondun vəzifə və məqsədləri, fəaliyyət istiqamətləri, gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumat verib. O, həmçinin Fondun maliyyə dəstəyi ilə Estoniyanın paytaxtı Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin həyata keçirdiyi və nəzərdə tutulan işlərlə yanaşı xaricdə təhsil alan gənclərin diaspor və lobbiçilik fəaliyyətində rolu barədə bəhs edib.
Görüşdə Azərbaycanda dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti, ümummilli lider Heydər Əliyev və hazırda Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğı, Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən danışılmış, Azərbaycan-Estoniya münasibətlərinin inkişafında, ölkəmizin tarixinin, mədəniyyətinin, uğurlarının Estoniyada təbliğində tələbələrin də rolu qeyd edilmişdir.
Fonda müraciət formaları, layihələrin həyata keçirilməsi və hesabatlılıq barədə Fondun əməkdaşları Xıdır Kazımov və Zeynəb Sabirli tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbir iştirakçılarına Estoniyadakı Azərbaycan Evinin əlaqələndiricisi Zəhra Qəhrəmanlı tədbir iştirakçılarına Azərbaycan Evi haqqında məlumat verib. Azərbaycan Evində həyata keçirilən işlər və gələcək fəaliyyət istiqamətlərinə dair planlar barədə məlumatlandırılan gənclər Azərbaycan Evinin fəaliyyətində daha da yaxından iştirak etməyə dəvət olundular.
Görüş gənclərin müxtəlif layihələrlə bağlı ideya və təkliflərinin müzakirəsi ilə yekunlaşıb.