6 iyul tarixində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyənın Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan və Fondun baş mütəxəssisi Zeynəb Sabirlinin Ankara şəhərinə səfəri çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) başkanı Serkan Kayalar ilə görüş keçirilib.
Görüş zamanı azərbaycanlıların və türk kökənli xalqların sıx yaşadığı ölkələrdə birgə fəaliyyətlə bağlı müzakirələr aparılıb. Gürcüstan azərbaycanlılarının həyat səviyyəsinin artırılması, həmçinin, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evlərinin də iştirakı ilə birgə fəaliyyətin perspektivləri ilə bağlı fikir mübadiləsi edən tərəflərin qərarı ilə TİKA-nın yerli ofislərinə göndəriləcək təlimatların əsasında layihələrin reallaşdırılması prosesi başlanacaq.
Həmçinin, qeyd olunan tarixdə TRT Genel Müdür Yardımcıları Fethi Fahri Kaya və Hasan Öyməz ilə görüşlər keçirilib.
Müharibə dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında türk media agentliklərinin xüsusi fəaliyyəti vurğulanaraq, diaspor nümayəndələrimizin təmsil olunduğu ölkələrdə həyata keçirilən fəaliyyətin, həmçinin, ölkə daxilindəki ictimai-siyasi, mədəni proseslərin işıqlandırılması ilə bağlı media qurumların fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.