Türkiyənin Ankara şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “Natəvan” bədii filminin təqdimat mərasimi keçirilib.
Film 2022-ci ildə 190 illik yubileyi qeyd olunan Azərbaycanın görkəmli şairi, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin verdiyi qiymətdən, Natəvan heykəlinə aparan yoldan bəhs edir. Filmdə xüsusilə ümummilli liderin Azərbaycan mədəniyyətinə və tarixinin yaşadılmasına verdiyi əhəmiyyətə, həmçinin milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətinə toxunulur.
Tədbirdə “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, layihə rəhbəri, Azərbaycanın əməkdar rəssamı Teymur Rzayev, Natəvanın həyat və yaradıcılığını tədqiq edən Türkiyənin Çorum Hitit Universitetinin müəllimi Dr.Sevinc Axundova çıxış edərək, Xan qızının fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, şairin ədəbi yaradıcılığı, gördüyü xeyriyyə işləri ilə yaddaşlarda qaldığını qeyd ediblər. Tədbirdə Türkiyə xarici işlər nazirinin müavini, səfir Faruk Kaymakçı da iştirak edib.
“Natəvan” filminin nümayişindən sonra filmin yaradıcı heyətinin film haqqında fikirləri də maraqla dinlənilib. Daha sonra Xurşidbanu Natəvana aid foto sərgi qonaqlara nümayiş edilib. Tədbir Azərbaycanın əməkdar artisti Turan Manafzadənin konsert proqramı ilə davam edib.
Azərbaycan Diasporuna Dəstək Fondu filmin ərsəyə gəlməsində əsas tərəfdaşlardandır. Filmin ingilis dilinə tərcüməsi və səsləndirilməsi Fondun maliyyə dəstəyi ilə Kanadada baş tutub. Filmin həmçinin qarşıdan gələn “Heydər Əliyev ili”ndə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və xarici işlər nazirinin müavini, səfir Faruk Kaymakçı ilə görüşüb.