Budapeştdə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Macarıstandakı Azərbaycan Evinin təşkilatçılığı ilə "Explore Azerbaijan" adlı tədbir keçirilib.
15-dən çox ölkəni - Macarıstan, İspaniya, İtaliya, Ukrayna, Vyetnam, Rusiya və digər dövlətləri təmsil edən tələbə və gənclər, eləcə də həmvətənlərimizin iştirak etdiyi tədbirdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, milli mətbəxi təbliğ edilib və tanıdılıb.
Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli qonaqları salamlayaraq xarici gənclərin Azərbaycana olan marağından danışıb.
Daha sonra Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış edərək Azərbaycanın beynəlxalq aləmdəki önəmini, habelə ölkəmizin regionda və dünyada enerji təhlükəsizliyinə verdiyi töhfəsi və bu sahədə olan artan rolunu vurğulayıb.
Tədbirin təşkilatçılarından olan Ramil Şükürov və Gülər Tağıyeva qonaqları salamlayaraq tədbirin proqramından bəhs ediblər. Tədbirin birinci hissəsi Corvinus universitetinin tələbəsi Kamil Şükürovun müəllifi olduğu qısametrajlı videoçarx ilə başlayıb. Videotəqdimat əsnasında əcnəbi qonaqlara Azərbaycanın qədim tarixindən, zəngin mədəni irsindən, milli-mənəvi dəyərləri, milli mətbəxi, musiqisindən və beynəlxalq müstəvidəki əvəzolunmaz rolundan söhbət açılıb.
Təqdimatın sonunda sual-cavab və müzakirələr olub, bundan əlavə Azərbaycan Respublikası Gənclər Fondu və Təhsilin İnkişafı Fondunun dəstəyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 23-28 noyabr tarixlərində keçirilən "Şuşa İli"nə həsr olunan “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumu çərçivəsində Şuşaya səfər etmiş xarici tələbələr səfərlə bağlı öz təəssüratlarını bölüşüblər.
Tədbir daha sonra Kamal Aslan, Nazim Musabəyli, Aysel Məmmədova və digər gənclərimizin hazırladığı bədii hissə ilə davam etdirilib. Azərbaycanın xalq mahnıları və rəqsləri nümayiş olunub.
Tədbir Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət süfrə ilə başa çatıb.