Azərbaycan Diasporuna Dəstək Fondunun Macarıstanda fəaliyyət göstərən Azərbaycan Evində "20 yanvar - Ümumxalq Hüzn Günü" ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli xatırladıb ki, 33 il əvvəl - 19-20 yanvar gecəsi baş verən faciə Azərbaycan xalqı üçün unudulmaz bir tarixdir. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar hadisələrinin tariximizin qəhrəmanlıq səhifəsi və Azərbaycanın gələcək taleyinə mühüm təsir göstərən dönüş nöqtəsi olduğu vurğulanıb.
Tədbirin birinci hissəsi gənc soydaşımız Nazim Musabəylinin ssenari müəllifi və rejissoru olduğu, rollarda Kamal Aslan, Ləman Əlizadə, Həsən Xəlilov və Budapeşt Rus Teatrının aktrisası Valeriya Antonova, həmçinin müəllifin özünün yer aldığı "Partlayışa az qalmış..." adlı kiçik həcmli tamaşa ilə başlayıb.
Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından ilhamlanaraq yazılmış tamaşada 19 Yanvar axşamı Sovet ordusunun Bakıya girməsinə az qalmış bir evdə yaşananlardan bəhs edilib.
Tədbir musiqili hissə ilə davam edib. Macarıstanda yaşayan soydaşımız Elnur Namazovun ifasında şəhidlərimizə həsr olunmuş mahnılar səsləndirilib.
Sonda isə Əli-Səttar Quliyevin rejissorluq etdiyi, Rasim Cəfər və Azər Aydəmirin baş rolda çəkildiyi "Mən qardaşımı axtarıram" adlı qısametrajlı film nümayiş edilib.
Tədbir tamaşanın məzmununa uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə yekunlaşıb.