Anqolanın Luanda şəhərində Azərbaycan peşəkar musiqisinin dünyada təbliğ olunması məqsədilə “Birləşmiş səslər” xeyriyyə layihəsinə start verilib.
20-24 sentyabr tarixlərində Anqolanın paytaxtı Luanda şəhərində “Ngola Symphony” musiqi festivalı keçirilib.
Festivalda ölkəmizi Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edib. Bununla da Mərkəzi Afrika ölkəsi Anqolada Azərbaycan musiqisi ilk dəfə təbliğ olunub.
Uzun illərdir Afrikada yaşayan Azərbaycanın Dostları Təşkilatının təsisçisi-rəhbəri Billurə Bayramova-Bernard bildirib ki, layihə çərçivəsində Anqolanın Camunqa musiqi məktəbində Azərbaycanın əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadənin beş günlük ustad dərsləri təşkil edilib. Bu dərslərdə Camunqa musiqi məktəbinin Simfonik Orkestrinin musiqiçiləri, İncəsənət və Mədəniyyət Fondunun tələbələri iştirak ediblər. Yerli tələbələrə Azərbaycan musiqisi və tar alətinin taixi barədə ətraflı məlumat verilib, bu qədim alətin sirlərindən danışılıb.
Layihə çərçivəsində Sahib Paşazadə xüsusi qonaq kimi “Wyza Anfiteatro”nun səhnəsində baş tutan konsertdə də çıxış edib.
Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları təşkilatı, Azərbaycan Diasporuna Dəstək Fondu, Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə dəstəyi ilə həyata keçirilən ustad dərsləri zamanı yerli tələbələrə Azərbaycan musiqisi və tar ilə bağlı məlumat verilib, tarın tarixi və sirləri öyrədilib.
Layihənin məqsədi musiqiçilərə professional musiqinin sirlərini aşılamaq, onlara dünyaşöhrətli musiqiçilər ilə eyni səhnəni paylaşmaq imkanını, mədəniyyətlər arasında körpü və yeni ölkələrdə tar sinfini yaratmaqdır.