Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu qardaş Türkiyənin Hatay bölgəsində zəlzələdən zərərçəkənlərə yardım kampaniyası təşkil edib.
“Biz birlikdə güclüyük” devizi altında yeni tədris ilinin başlanması münasibətilə təşkil edilən humanitar yardım kampaniyası Hatay Azərbaycan Evinin müraciəti əsasında baş tutub. Bu addım Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin, o cümlədən həmin bölgədə yaşayan azərbaycanlıların həyatlarının yüngülləşdirilməsi, ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsi olub.
Azərbaycan Gömrük-Sərhəd Buraxılış Məntəqəsindən qardaş ölkəyə yola salınmış humanitar yardıma 3000 məktəbli dəsti daxil edilib.
Hatay bölgəsinin Arsuz rayon məktəbində yardımın təqdim olunma mərasimində Arsuz rayonunun icra hakimiyyətinin başçısı Hasan Gökpinar, Arsuz bələdiyyəsinin sədri Dr.Asaf Güven və Arsuz Milli Təhsil müdiri Əhməd Yanmaz, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, ADDF-in icraçı direktoru Əkrəm Abdullayev, Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 24, 25 və 26-cı çağırışlarında Hatay üzrə millət vəkili olmuş Bayram Türkoğlu, TBMM-də AKP-in Hatay üzrə millət vəkilləri Abdulkadir Özel və Kemal Karahan, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür və başqaları iştirak ediblər.
Mərasimdə qardaş Azərbaycan dövlətinin bu təşəbbüsünü yüksək qiymətləndirən icra hakimiyyətinin başçısı Hasan Gökpinar humanitar yardıma görə ölkəmizə təşəkkürünü ifadə edib və bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir.
Komitə sədrinin birinci müavini bildirib ki, Azərbaycan dövləti Hatayda yaşayan uşaqları sovqatla sevindirməkdən böyük məmnunluq və xoşbəxtlik duyur: “Bu uşaqlar təkcə Türkiyənin deyil, Azərbaycanın da uşaqları və gələcəyidir”.
Tədbirdə çıxış edən yerli ictimaiyyətin nümayəndələri və qonaqlar “bir millət, iki dövlət”in hər zaman bir-birinin yanında olduğunu məmnuniyyətlə vurğulayıblar. Qeyd edilib ki, mənəvi dəyəri maddi dəyərindən qat-qat yüksək olan hədiyyələrin təqdim olunması həm iki dövlətin vətəndaşlarının bir arada olmasının, həm də zəlzələdən zərər çəkmiş insanların və övladlarının sevincini və kədərini bölüşməsinin sübutudur.
Sonra məktəbli dəstləri I sinfə gedəcək şagirdlərə və valideynlərə təqdim olunub.
Qeyd edək ki, tədbir iştirakçıları, valideynlər və uşaqlar Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibələr veriblər. Bu çətin günlərdə Hataydakı uşaqların məktəb qayğısını düşündüyü və övladlarını sevindirdiyi üçün Azərbaycan dövlətinə təşəkkürlərini bildirən valideynlər bildiriblər ki, zəlzələdən sonra bu cür köməyə çox ehtiyac vardı.
Xatırladaq ki, ADDF cari ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərərçəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı çatdırıb. Yardımı alanların arasında Kahramanmaraşda yaşayan soydaşlarımız da olub.