Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu keçirilib.
“Post-münaqişə dövründə Azərbaycan diaspor gənclərinin fəaliyyəti: perspektivlər və çağırışlar” mövzusunda keçirilən Forumda Macarıstan daxil olmaqla, 40-a yaxın ölkədən 120 azərbaycanlı gənc iştirak edib. Tədbirə xaricdə fəaliyyət göstərən tələbə və gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların azərbaycanlı nümayəndələri, beynəlxalq müsabiqə laureatları, gənc sahibkarlar, həmçinin Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Diasporla İş üzrə Dovlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev də qatılıblar.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq və gənclərlə iş üzrə şöbəsinin müdiri Xıdır Kazımovun moderatorluğu ilə aparılan tədbirdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Forum iştirakçılarını təbrik edən səfir Tahir Tağızadə gənclərimizin Azərbaycanın öz müstəqilliyini bərqərar etməsində, Qarabağın işğaldan azad edilməsində böyük rolunu xatırladıb. O, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 2 fevralın Azərbaycanda Gənclər Günü elan edildiyini xatırladıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, gənclərin cəmiyyətin fəal üzvləri olaraq yetişməsi məqsədilə Gənclər və İdman Nazirliyinin yaradıldığı, Azərbaycanda “Gənclər İli”, “Könüllülər İli” elan edilməsinin gəncləri ruhlandırmaq məqsədi daşıdığı diqqətə çatdırılıb. Tahir Tağızadə diplomat kimi deyil, Azərbaycan vətəndaşı olaraq ölkəmiz üçün böyük tarixi əhəmiyyət kəsb edən 7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərində soydaşlarımızı fəal olmağa dəvət edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə Azərbaycan diasporunun sistemli və mütəşəkkil formaya keçidinin əsası qoyulub.
Sədr müavini yaşadıqları ölkələrə sıx inteqrasiya etmiş gənclərimizi ictimai-siyasi və humanitar sahələrdə fəal olmağa, dünyadakı çağırışlar baxımından müstəqil Azərbaycan dövlətinin milli maraqlarının qorunması, vətənimizin haqq səsinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması üçün ictimai rəyə təsir etmək gücünü formalaşdırmağa dəvət edib. Bu missiyanın çətin, amma şərəfli olduğu, Komitənin ölkəmizin, xalqımızın, onun aparıcı qüvvəsi olan gənclərimizin dünyada tanıdılmasına və təbliğinə dair bütün layihələrə açıq olduğunu bildirib.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev forumların gənclərin fəallığına müsbət təsirindən, xarici ölkələrdə Azərbaycan gəncliyinin mükəmməl obrazının yaradılmasının önəmindən danışıb.
Sonra ölkəmizin gənclər siyasətini əks etdirən video-çarx nümayiş etdirilib.
Tədbir diaspor gənclərinin çıxışları ilə davam edib.
Açılış mərasimindən sonra Forum panellər üzrə işini davam etdirib. Panellərdə gənclərin vətənpərvərliyi, ictimai həyatda iştirakı, beynəlxalq əməkdaşlığı, təhsil və elmin inkişafında yeri və rolu istiqamətlərində müzakirələr aparılıb, həmçinin son illər ərzində diaspor sahəsində gorülən işlər barədə hesabat verilib, qarşıda duran vəzifələr və Azərbaycan gəncliyinin beynəlxalq aləmdə uğurları müzakirə olunub.
Tədbirin sonunda Forum iştirakçılarının bəyanatı qəbul olunub. Bəyanatda diaspor gəncləri 2024-cü ilin 7 fevral tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində fəal iştirak edəcəklərini, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər: “Biz qalib dövlətin qalib gəncləri olaraq ölkəmizin gələcəyinin dünya miqyasında sayılan və hörmət edilən güclü liderlə bağlı olduğunu anlayır və ölkəmizi növbəti parlaq zəfərlərə doğru aparan yolda Qalib Xalqın Qalib Lideri ilə hər zaman olduğu kimi, yanaşı addımlamağa hazır olduğumuzu bəyan edirik”.