Ankarada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin səlahiyyətlərini müvəqqəti
icra edən, aparat rəhbərinin müavini Adil Hüseynov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, icraçı direktorun müavini Şahin Camalov və Komitənin IV Ərazi şöbəsinin müdir müavini, sektor müdiri Kənan Məmmədovdan ibarət nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirib.
Qonaqlar əvvəlcə Türkiyə Respublikasının Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının üzvü Vedat Ali Tektaşla, Əmək və Sosial Müdafiə Nazirliyinin Məşğulluq Baş İdarəsinin müdiri Mehmet Başla görüşüblər.
Görüşlərdə əsasən 1990-cı illərdən etibarən Türkiyə Respublikasına miqrasiya etmiş və hazırda Türkiyə Respublikasında hüquqi statusu olmadan yaşayan və bu səbəbdən sosial, tibbi sığorta, sağlamlıq, təhsil və digər bu kimi hüquqlardan yararlana bilməyən Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərin, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinin və digər azərbaycanlıların statusunun müəyyənləşdirilməsi, sosial müdafiə, səhiyyə, təhsil hüquqlarının təmin olunması və digər istiqamətlərdə problemlərin həlli ətrafında fikir mübadiləsi aparılıb. Keçirilmiş görüşlərdə əlaqədar qurumların həmin əhali qrupundan olan şəxslərin mövcud problemlərinin həlli istiqamətində bütün zəruri addımları atacağı qeyd edilib. Eyni zamanda Əməkdaşlıq Protokolundan irəli gələn məsələlərin həllində dəstək göstəriləcəyi diqqətə çatdırılıb.
Səfər çərçivəsində nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Ankara Universitetində Azərbaycanın Türkiyədəki səfirliyi və Ankara Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramında və fotosərgidə iştirak ediblər.
Türkiyənin dövlət qurumlarında keçirilən görüşlərdə Dünyası Mediatorlar Birliyinin sədri, vəkil, mediator Yakup Erikel və birliyin İdarə Heyətinin üzvləri də iştirak ediblər.