Ankara şəhərində Türk Dünyası Mediatorlar Birliyi ilə Azərbaycan Diasporuna Dəstək Fondu arasında Əməkdaşlıq Protokolu imzalanıb.
Bununla bağlı təşkil olunan mərasimdə əvvəlcə qonaqlar birliyin fəaliyyətinə həsr olunan videoya tamaşa edib. Sonra çıxışlar dinlənilib.
İmzalanma mərasimində çıxış edən Türk Dünyası Mediatorlar Birliyinin sədri, vəkil, mediator Yakup Erikel və Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, Aparat rəhbərinin müavini Adil Hüseynov Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq, ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər. Digər sahələrlə yanaşı, hüquq və mediasiya sahəsində də əlaqələrin genişləndiyi vurğulanıb, protokolun imzalanmasının buna öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Natiqlər Türk Dövlətləri Təşkilatı çərçivəsində bu sahəyə məsul nazirlik və təşkilatlarla yaxın gələcəkdə böyük layihələrə başlanacağını qeyd ediblər.
Çıxışlardan sonra imzalanma məraaimi keçirilib.
Sənədi Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev imzalayıb.
Protokol 1990-cı illərdən etibarən Türkiyə Respublikasına miqrasiya etmiş və hazırda Türkiyə Respublikasında hüquqi statusu olmadan yaşayan və bu səbəbdən sosial, tibbi sığorta, sağlamlıq, təhsil və digər bu kimi hüquqlardan yararlana bilməyən Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə və digər azərbaycanlılara hüquqi, vəkillik və mediasiya xidməti verilməsi üzrə razılaşdırılmış əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.
Tədbirdə birliyin İdarə Heyətinin üzvləri - Ankara Sosial Elmlər Universitetinin rektoru, professor Musa Kazım Arıcan, Ankara Yıldırım Beyazit Universitetinin rektoru, professor Ali Cengiz Köseoğlu, Türkiyə Ədliyyə Nazirliyinin Mediasiya şöbəsinin müdiri Çağdaş Özer, Türkiyə parlamentinin Denizli millət vəkili Cahit Özkan, TED Universitetinin professoru Şebnem Akipek, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyəti sədrinin müavini Pərviz Məmmədzadə və digər qonaqlar iştirak edib.
Sonda birgə foto çəkilib, xatirə hədiyyələri təqdim edilib.
Tədbir bədii hissə ilə başa çatıb.