Macarıstanın Buğac şəhərində Hun-Türk Qurultayının rəsmi açılış mərasimi keçirilib. Qurultayda Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu təmsil edib.
Macarıstan Parlamentində baş tutan mərasimi parlamentin vitse-spikeri Sandor Lezsak açaraq qurultayın türk dünyasında birlik və bərabərliyin yaradılmasına əvəzsiz töhfələr verdiyini qeyd edib.
Türk Dövlətləri Təşkilatının Baş katibi, fövqəladə və səlahiyyətli səfir Kubanıçbek Ömüraliyev, TÜRKPA-nın Baş katibi Mehmet Sureyya Er, TÜRKSOY başkanı Sultan Raev, Qazaxıstanda fəaliyyət göstərən Türk Akademiyasının rəhbəri, akademik Şahin Mustafayev, Özbəkistan və Qazaxıstan Respublikalarının mədəniyyət nazirlərinin müavinləri çıxış edərək türk dünyasında birlik və bərabərliyin önəminə toxunublar.
Azərbaycan nümayəndə heyəti adından çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev bu mühüm tədbirin türk dünyası üçün əhəmiyyətindən danışıb və fikrini çuvaş türklərinin maraqlı bir ifadəsi ilə tamamlayıb: “Epir pulna, pul, pulatpr”, yəni “Var olmuşuq, varıq, var olacağıq”.
Qeyd edək ki, 3 gün davam edən və 300 mindən çox insanın qatıldığı qurultayın tarixində ilk dəfə Azərbaycan çadırının qurulması, qədim xalçalarmızın sərgilənməsi, xalq və aşıq sənətinin, həmçinin milli rəqslərimizin təbliği böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Hun-Türk Qurultayı iki ildən bir təşkil olunur, məqsəd türk xalqları və onların diaspor təşkilatları arasında birliyinin daha da möhkəmləndirilməsidir.