Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Niderland ictimaiyyətinin, bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Tədbir iştirakçıları əvvəlcə “Nieuw Eykenduynen” (Yeni İkendinen) məzarlığında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edib və bir dəqiqəlik sükutla qurbanların xatirəsini yad ediblər.
Tədbirdə, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirinin müşaviri Nurlan Əliyev, Türkiyə Cumhuriyyətinin Niderland Krallığındakı səfirliyinin nümayəndəsi Pınar Gülün Kayseri, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbərinin müşaviri Hüseyin Altınalan, MHP-nin sədr müavini, millət vəkili İlyas Topsakal, Ron Gazelle, insan haqları üzrə aktivist Paul Donkers, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Cəfərova çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının dinc vətəndaşlara qarşı törətdiyi soyqırımın tarixindən danışıb, bu faciənin Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığını diqqətə çatdırıblar. Bildirilib ki, erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayı ilə silahsız və köməksiz Xocalı sakinlərinə hücum ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Artıq Xocalının işğaldan azad olunduğunu vurğulayan natiqlər, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən bəhs ediblər və şəhidlərimizin ruhunun şad olduğunu deyiblər.
Tədbir çərçivəsində Səriyyə Cəfərovanın Niderland dilində nəşr olunan “Onlar heç vaxt böyüməyəcək” adlı kitabının təqdimatı və Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin nəzdində fəaliyyət göstərən “Xarıbülbül” məktəbinin şagirdlərinin Xocalı soyqırımı qurbanlarına həsr etdikləri rəsmlərin sərgisi baş tutub.