Türkiyənin Hatay vilayətinin Payas şəhərində 27 Sentyabr – Anım Günü münasibətilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib.
Anım mərasimi Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, Payas Bələdiyyəsinin və Hatay Azərbaycan Evinin birgə təşkilatçılığı ilə tarixi Sokullu Mehmet Paşa Külliyyesində baş tutub.
Mərasimdə əvvəlcə şəhidlərin müqəddəs xatirəsi hörmətlə anılıb, daha sonra hər iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib. Ardınca Prezident İlham Əliyevin Anım Günü ilə bağlı paylaşdığı video və Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı, Zəfərimizdən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Payas Bələdiyyəsinin sədri Bekir Altan qonaqları salamlayaraq 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi zəfəri, şəhidlərin xatirəsi və iki ölkə arasındakı dostluqdan danışıb.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Payas kaymakamı Kürşad Karaca və Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür çıxış ediblər. Onlar Azərbaycanın haqq mübarizəsində göstərdiyi qətiyyət, Türkiyənin bu prosesdə verdiyi mənəvi dəstək və qardaşlıq münasibətlərinin önəmini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan və Türkiyə həm çətinliklərdə, həm də sevincli anlarda bir-birinə dəstək olublar.
Çıxışlarda Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xatırladılıb, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın bu ideyanı uğurla davam etdirdiyi bildirilib.
Dövlət qurumlarının nümayəndələri, diaspor fəalları və yerli ictimaiyyətin iştirakı ilə baş tutan tədbir Xalq artisti Azərinin ifasında “Çırpınırdın, Qara dəniz” mahnısı və Azərbaycanla Türkiyənin bayraqlarının dalğalanması ilə yekunlaşıb.