27 Sentyabr – Anım Günü münasibətilə Türkiyədə səfərdə olan Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Hatay və Kahramanmaraş şəhərlərində bir sıra rəsmi görüşlər keçirib.
Hatayın Payas rayonunda keçirilən görüşdə nümayəndə heyəti Kaymakam Kürşad Karaca və Bələdiyyə sədri Bekir Altan ilə bir araya gəlib. Tərəflər Azərbaycan–Türkiyə qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Söhbət zamanı Payas şəhərində bir küçəyə “27 Sentyabr”, parklardan birinə isə “Zəfər” adının verilməsi təklifi irəli sürülüb. Bu təşəbbüs müsbət qarşılanaraq Bələdiyyə Məclisinin müzakirəsinə çıxarılıb.
Daha sonra nümayəndə heyəti Kahramanmaraşda vali Mükerrem Ünlüer, Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgel və Sütçü İmam Universitetinin rektoru professor Alptekin Yasım ilə görüşlər keçirib. Rəsmi şəxslər Azərbaycanın nümayəndə heyətini görməkdən məmnunluq ifadə edərək, xüsusilə zəlzələ zamanı göstərilən qardaş dəstəyinə görə təşəkkürlərini bildiriblər.
Görüşlərdə iki ölkənin “Bir millət, iki dövlət” prinsipi əsasında daim bir-birinə arxa durduğu qeyd olunub. Xüsusilə bu ilin iyun ayında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin, Heydər Əliyev məktəbinin açılışının və Azərbaycan Mədəniyyət Mərkəzinin təməlqoyma mərasimlərinin keçirilməsi qardaşlığın ən parlaq nümunələrindən biri kimi vurğulanıb.
Tədbirlərdə Milli Məclisin deputatı, professor Vasif Qafarov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Xalq artisti Samir Cəfərov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müşaviri Pərviz Məmmədzadə, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür, Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl, dosent Mərziyyə Məmmədli, müəllim Həmran Əmirli və digər şəxslər də iştirak ediblər.
Görüşlərin sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.