Şanlı tarix, ortaq qürur – Kahramanmaraşda şəhidlərimiz anılıb.

02 Oktyabr 2025
  • Xəbərlər
  • Şanlı tarix, ortaq qürur – Kahramanmaraşda şəhidlərimiz anılıb.

Türkiyənin Kahramanmaraş şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Zəfərə gedən yolun başlanğıc tarixi – 27 sentyabr 2020” mövzusunda konfrans təşkil edilib. Tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Kahramanmaraş Sütçü İmam Universitetinin birgə əməkdaşlığı ilə baş tutub.

Konfransda dövlət rəsmiləri, universitet rəhbərliyi, siyasi partiya təmsilçiləri, Azərbaycan icmasının üzvləri, tələbələr və müəllim heyəti iştirak ediblər.

Yunus Əmrə Konqres Mərkəzinin “Nizami Gəncəvi” zalında keçirilən tədbir şəhidlərin əziz xatirəsinin anılması ilə başlayıb. Daha sonra Azərbaycan və Türkiyə Dövlət himnləri səsləndirilib. İştirakçılar Prezident İlham Əliyevin Anım Günü ilə bağlı paylaşdığı videoçarxı, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı Vətən müharibəsi və Zəfər yolunu əks etdirən videomaterialı izləyiblər.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, universitetin rektoru professor Alptekin Yasım, Milli Məclisin deputatı, professor Vasif Qafarov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış ediblər.

Natiqlər bu kimi tədbirlərin Azərbaycanın həqiqətlərinin, milli maraqlarının və ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar, həmçinin, Qarabağ Zəfərinin regionda və beynəlxalq müstəvidə yaratdığı yeni reallıqların təbliğinin vacibliyini qeyd ediblər.

Konfrans panel iclası ilə davam edib. Moderator dosent Mərziyyə Məmmədli olub. Məruzəçilər – professor Vasif Qafarov, professor Toğrul İsmayıl və professor İbrahim Ethem Atnur Vətən müharibəsinin gedişi, nəticələri, tarixi əhəmiyyəti, eləcə də beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeyi barədə çıxış ediblər.

Məruzələrdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb. Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın qürurverici və unudulmaz tarixi olduğu, Qarabağ Zəfərinin isə yalnız Azərbaycan deyil, bütün Türk dünyası üçün strateji və mənəvi dəyərə malik olduğu bildirilib.

Konfransın sonunda Azərbaycanın Xalq artisti Samir Cəfərov vətənpərvərlik mövzusunda, Azərbaycan–Türkiyə qardaşlığını əks etdirən mahnılar ifa edib.