Uzun illər Türkiyədə Azərbaycan mədəniyyətini təbliğ edən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi tərəfindən Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə ikigünlük layihə həyata keçirilib.
Layihənin ilk günündə “Axı dünya fırlanır” mövzusunda tədbir və panel iclas təşkil olunub. İclasda İstanbul Mədəniyyət Universitetinin müəllimi İsa Kocakaplan, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşar və “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin rəhbəri Kamalə Kamal Cabbarova Bəxtiyar Vahabzadənin həyatı və yaradıcılığına dair məruzələrlə çıxış ediblər.
Hafiz Ataxanlı, Günel Karatepe, Zeynəb Yalçın və Sahil Nəzərovun birgə fəaliyyəti, eləcə də Orxan Lətifzadənin bəstəkarlığı ilə hazırlanan “İstiqlal şairi” adlı sənədli filmin premyerası keçirilib. Bununla yanaşı, şairin həyat və yaradıcılığını əks etdirən sərgi iştirakçılara təqdim olunub.
Tədbirin bədii hissəsində aşıq Rəna Quliyeva Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş mahnıları ifa edib, məktəbli Arvis Sadigov isə “Azərbaycan–Türkiyə” şeirini səsləndirib.
Layihənin ikinci günü birliyin nəzdində fəaliyyət göstərən Cəfər Cabbarlı adına Türkiyə–Azərbaycan Teatrı tərəfindən şairin əsərləri əsasında hazırlanan “Yağışdan sonra” adlı ikipərdəli tamaşanın premyerası keçiriləcək.
Qeyd edək ki, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin nəzdində fəaliyyət göstərən Vizyon Teatr Birliyi 10-cu mövsümün açılışı ilə əlaqədar adını dəyişərək Cəfər Cabbarlı adına Türkiyə–Azərbaycan Teatrı kimi fəaliyyətini davam etdirəcək. Teatrın yubiley mövsümünün açılışı Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunub.