Vətən müharibəsi qəhrəmanlarının övladları Zəfərin 5 illiyi münasibətilə İstanbul şəhərinə səfər ediblər.

12 Noyabr 2025
  • Xəbərlər
  • Vətən müharibəsi qəhrəmanlarının övladları Zəfərin 5 illiyi münasibətilə İstanbul şəhərinə səfər ediblər.

Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edən növbəti sosial-humanitar layihə həyata keçirilib. Bu çərçivədə Vətən müharibəsi qəhrəmanlarının övladlarının Zəfərin 5 illiyi münasibətilə 9-13 noyabr tarixlərində İstanbul şəhərinə səfəri baş tutub.

Layihə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “YAŞAT” Fondunun, İstanbul şəhərinin Qaziosmanpaşa Kaymakamlığının və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) tərəfdaşlığı ilə həyata keçirilib. 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan səfər 2025-ci il 9 noyabr tarixində İstanbul şəhərinə yola düşməklə başlayıb.

Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə şəhid övladları arasında qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların sosial inteqrasiyasına və mənəvi inkişafına dəstək göstərilməsi, eyni zamanda iki qardaş ölkə arasında ortaq tarixi və milli-mənəvi dəyərlərin təbliği və qorunmasıdır.

Səfər çərçivəsində 10 noyabr 2025-ci il tarixində nümayəndə heyətinin üzvləri Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün Anım Mərasimində, eləcə də İstanbul şəhərində yerləşən Şəhid Anıl Kaan Aybek adına məktəbdə təşkil olunmuş xatirə tədbirində iştirak ediblər. Qonaqlar daha sonra Gaziosmanpaşa Kaymakamlığı Hökumət Konağını ziyarət etmiş, Qaziosmanpaşa kaymakamı İsgəndər Yöndən şəhid övladlarını qəbul etmiş, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparmışdır.
11 noyabr 2025-ci il tarixində iştirakçılar ilə Gaziosmanpaşa bələdiyyəsində görüş təşkil olunmuş, Gaziosmanpaşa bələdiyyəsinin təşkilatçılığı ilə musiqi saatı keçirilmişdir.
12 noyabr 2025-ci il tarixində isə Gaziosmanpaşa Kızılay şöbəsinə ziyarət təşkil olunmuş, İstanbul Valisi Davut Gül ilə görüş keçirilib. Görüş zamanı Davut Gül bu əməkdaşlığın gələcəkdə də qarşılıqlı səfərlərin təşkil olunmasi ilə davam etdiriləcəyini bildirmiş, Azərbaycan və Türkiyə şəhid övladlarının bu kimi görüşlərinin xalqlarımız arasında sarsılmaz birliyin göstəricisi olduğunu vurğulamışdır.
Proqram çərçivəsində iştirakçılar Yerəbatan Sarıncı muzeyinə,Topqapı sarayına, Dolmabahçe sarayına, Ayasofya Camisinə baş çəkmiş, vaxtlarının daha da səmərəli və əyləncəli keçməsi məqsədi ilə Beşiktaş stadion turu, Üsküdar sahildə gəzinti,İstanbul boğazda tekne turu təşkil edilmişdir.
Təşkil olunmuş səfərin sonunda iştirakçılara Gaziosmanpaşa kaymakamlığı tərəfindən sertifikat və hədiyyələr təqdim olunmuşdur.
Səfər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, “YAŞAT” Fondunun məsul əməkdaşı Aqşin Balahəsənlinin müşayiəti ilə baş tutmuşdur.
Bu səfər şəhid və qazi övladlarının qardaş Türkiyə ilə tanışlığı, həmçinin Vətən müharibəsi qəhrəmanlarının ailələrinə göstərilən diqqət və qayğının daha bir nümunəsi kimi dəyərləndirilir.