Almaniyanın paytaxtı Berlində azərbaycanlı gənc pianoçu Nərmin Nəcəflinin “Narın içində not” adlı solo konserti keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunan tədbir Azərbaycanın milli musiqi irsinin Avropada təbliği məqsədini daşıyıb və konsert proqramı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib. Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, diaspor nümayəndələri və yerli musiqisevərlər iştirak ediblər.
Konsert zamanı dinləyicilərə Azərbaycan və dünya musiqi mədəniyyətinin bir sıra seçilmiş nümunələri təqdim olunub. Nərmin Nəcəfli Üzeyir Hacıbəylinin “Sevgili canan”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Tofiq Quliyevin “Lirik vals”, Vaqif Mustafazadənin “Düşüncə”, Fərhad Bədəlbəylinin piano üçün əsərlərindən seçmələr və Adil Bəbirovun fortepiano kompozisiyalarını ifa edib. Proqramda həmçinin dünya klassik musiqisinin görkəmli nümayəndələri Frederik Şopen və Frans Listin məşhur əsərləri səsləndirilib.
Konsert peşəkar ifa səviyyəsi və proqramın məzmunlu təqdimatı ilə diqqət çəkərək iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.