Seulda Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələrlə görüş keçirilib.

19 Noyabr 2025
  • Xəbərlər
  • Seulda Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələrlə görüş keçirilib.

“Konstitusiya və Suverenlik İli” və Şanlı Zəfərimizin 5 illiyi çərçivəsində 14 noyabr 2025-ci il tarixində Koreya Respublikasının paytaxtı Seul şəhərində Azərbaycan icması və bu ölkədə təhsil alan tələbələrlə görüş təşkil olunub. Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələri, Azərbaycan Respublikasının Koreyadakı Səfirliyinin rəsmisi, icma üzvləri, tələbələr və diaspora fəalları iştirak ediblər.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev iştirakçıları salamlayaraq 8 noyabr- Zəfər Gününün 5 illiyi münasibətilə həmvətənlərimizi təbrik edib və Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Fondun fəaliyyət prioritetləri, həyata keçirilən proqramlar və genişmiqyaslı təşəbbüslər barədə məlumat verilib. İcraçı director diaspora hərəkatının gücləndirilməsi, xaricdə yaşayan soydaşların birliyinin möhkəmləndirilməsi, milli kimliyin qorunması, mədəni diplomatiyanın inkişafı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. O, həmçinin təhsil layihələri, gənclər təşəbbüslərinin dəstəyi, informasiya təminatı, müxtəlif ölkələrdə icma layihələrinin maliyyələşdirilməsi və yeni əməkdaşlıq platformalarının yaradılması ilə bağlı iştirakçıları məlumatlandırıb. İcraçı direktor qeyd edib ki, Koreyada yaşayan azərbaycanlıların təşkilatlanması daim dövlətimizin diqqət mərkəzindədir və bu istiqamətdə yeni layihələrin reallaşdırılması nəzərdə tutulur.

Görüş zamanı tələbələrin təhsil mühiti, akademik fəaliyyəti və qarşılaşdıqları çağırışlar müzakirə olunub. İştirakçıların Fondun dəstək mexanizmləri, qrant proqramları, mədəni və sosial layihələrdə iştirak imkanları ilə bağlı sualları cavablandırılıb.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin II katibi Vüsalə Zeynallı çıxış edərək Azərbaycan diplomatiyasında diaspor fəaliyyətinə xüsusi önəm verildiyini vurğulayıb, Səfirlik və diaspora qurumları arasında əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin soydaşlarımızı maraqlandıran konsulluq məsələləri ilə bağlı geniş məlumat verib.

Müzakirələr zamanı Azərbaycan icması və tələbələrlə əlaqələrin daha da genişləndirilməsi, eləcə də yeni birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.