“XX əsrdə Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində Şərq-Qərb qarşılıqlı təsiri” kitabı Türkiyədə nəşr olunub

28 Yanvar 2026
  • Xəbərlər
  • “XX əsrdə Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində Şərq-Qərb qarşılıqlı təsiri” kitabı Türkiyədə nəşr olunub

Türkiyədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, akademik Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan kitab Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə işıq üzü görüb.

“XX əsrdə Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində Şərq-Qərb qarşılıqlı təsiri” başlıqlı kitabın müəllifi azərbaycanlı tədqiqatçı və tar ifaçısı Pərviz Musayevdir.

 Kitabda XX əsr Azərbaycan musiqisi, Azərbaycan bəstəkarlıq məktəbinin formalaşması və inkişafı, eləcə də Qara Qarayevin zəngin həyat və yaradıcılıq yolu elmi-tədqiqat müstəvisində təqdim olunur.

Nəşrdə bəstəkarın “Don Kixot” simfonik qravürləri, “Yeddi gözəl”, “İldırımlı yollarda” baletləri və "Üçüncü simfoniya"sı ümumi şəkildə təhlil edilib.

Müəllif kitabın Türkiyə ədəbiyyatına və musiqi elminə qazandırılması əhəmiyyətini qeyd edib: “Azərbaycan bəstəkarları və milli musiqisi haqqında Türkiyə elmi və ədəbi mühitində mənbələr olduqca azdır. Qara Qarayevin əsərlərindəki Qərb-Şərq sintezi bu gün də aktuallığını qoruyub saxlayır. Bu nəşrin Qara Qarayev yaradıcılığının Türkiyədə daha dərindən tanınmasına töhfə verəcəyinə ümid edirik”.

Qeyd edək ki, kitabın müəllifi Pərviz Musayev bakalavr təhsilini Azərbaycan Milli Konservatoriyasında, magistratura təhsilini isə İstanbul Universiteti Konservatoriyasında alıb. Türkiyədə Azərbaycan musiqisini təmsil edən tarzən hazırda Qazi Universitetində doktorantura təhsilini davam etdirir.