Niderland Krallığında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

23 Fevral 2026
  • Xəbərlər
  • Niderland Krallığında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Niderland ictimaiyyətinin, bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələrinin, Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə üzvlərinin iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Tədbir iştirakçıları əvvəlcə “Nieuw Eykenduynen” (Yeni İkendinen) məzarlığında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edib və bir dəqiqəlik sükutla qurbanların xatirəsini yad ediblər.

Tədbirdə, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Məmməd Əhmədzadə, Türkiyə Cumhuriyyətinin Niderland Krallığındakı səfiri Fatma Ceren Yazğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili Şamil Ayrım, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, Haaqa şəhər bələdiyyəsinin sədr müavini Saskia Bruines, Bart ten Broek, Benilüks Azərbaycanlıları Konqresinin sədri, Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə  koordinatoru Elsevər Məmmədov və Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının dinc vətəndaşlara qarşı törətdiyi soyqırımın tarixindən danışıb, bu faciənin Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığını və  Xocalıya hüquqi-siyasi qiymətin verilməsinin və ədalətin bərpası istiqamətində səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayı ilə silahsız və köməksiz Xocalı sakinlərinə hücum ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Xocalı faciəsinin Niderland ictimaiyyətinin diqqətinə çatdırılmasının önəmi vurğulanaraq bu cür faciələrin təkrarlanmamasının vacibliyi qeyd edilib. Səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyən “Qarabağ üzərindəki qara buludlar” kitabının müəllifi, tədqiqatçı-yazar Henry van Rensin çıxış mətni tədbir iştirakçılarına oxunub.

Tədbir çərçivəsində “Xocalı Nişanəsi” adlı qısa sənədli film nümayiş olunub və Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin nəzdində fəaliyyət göstərən “Xarıbülbül” məktəbinin şagirdlərinin Xocalı soyqırımı qurbanlarına həsr etdikləri rəsmlərin sərgisi baş tutub və  kamança ifaçısı Emin Sadıqlının ifasında musiqilər səsləndirilib.