Ottava şəhərində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Anım mərasimində diaspor nümayəndələri, yerli ictimaiyyət üzvləri, eləcə də Ottavada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra çıxış edən müvəqqəti işlər vəkili Vüsal Süleymanov, Ottava şəhərində yaşayan tədbirin təşkilatçılarından biri olan soydaşımız Fərid Qasımov, Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin həmtəsisçisi Vüsalə Əhmədova və Sevic Səfərova Xocalı faciəsi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Xocalı soyqırımı XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.
Tədbir çərçivəsində Azərbaycan icmasının üzvlərinin çıxışları dinlənilib, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər və sənədli film nümayiş olunub.
Qeyd edək ki, anım tədbirinin keçirilməsində əsas məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, faciə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub.