Azərbaycan xalqının Ümummilli Lideri, çağdaş Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyinin, Mədəniyyət Nazirliyinin, Azərbaycan Diasporuna Dəstək Fondunun və Almaniya Azərbaycanlıları Alyansının birgə təşəbbüsü ilə mayın 7-də Berlində geniş konsert proqramı təşkil olunub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin formalaşdırılmasında müstəsna xidmətlərindən bəhs edib. Səfir bildirib ki, 1990-cı illərin əvvəllərində mürəkkəb siyasi və iqtisadi şəraitdə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda sabitlik bərpa olundu, dövlət institutları gücləndirildi və ölkənin gələcək inkişafının əsasları qoyuldu. Diplomat qeyd edib ki, Ulu Öndərin həyata keçirdiyi müdrik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşına çevrildi, xüsusilə enerji siyasəti ölkəmizin strateji əhəmiyyətini daha da artırdı. Avropa ilə əməkdaşlığa xüsusi önəm verən Ümummilli Liderin 1996-cı ildə Almaniyaya rəsmi səfərinin Azərbaycan-Almaniya münasibətlərində mühüm dönüş nöqtəsi olduğu qeyd edilib, hazırda ikitərəfli əlaqələrin qarşılıqlı hörmət və etimad əsasında uğurla inkişaf etdiyi vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun gerçəkləşdiyi qeyd olunub.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev tədbirdə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində müstəsna xidmətlərini vurğulayıb. Bildirilib ki, Ulu Öndərin strateji kursunda Almaniya ilə münasibətlərin inkişafı xüsusi yer tutub və bu gün Azərbaycan-Almaniya əməkdaşlığı iqtisadiyyat, təhsil, innovasiya və mədəni-humanitar sahələrdə uğurla davam edir. Qeyd olunub ki, birgə layihələr, festivallar və konsert proqramları xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir. Məhz bu konsert proqramının da bu baxımdan musiqinin birləşdirici gücünü nümayiş etdirərək Azərbaycan ilə Almaniya arasında dostluq münasibətlərinin bariz ifadəsinə çevrildiyi xüsusi vurğulanıb.
Çıxışlardan sonra tədbir bədii proqramla davam edib. “Simurq” muğam ansamblının təqdim etdiyi konsertdə Azərbaycan muğamının zəngin ənənələri müasir musiqi elementləri ilə harmonik şəkildə təqdim olunub. Solistlər Mirələm Mirələmovun və əməkdar artist Şölə Səfərəliyevanın emosional ifaları və musiqiçilərin milli alətlərdə nümayiş etdirdikləri yüksək peşəkarlıq tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsert proqramında Elnur Mikayılov (kamança), Anar Vəlizadə (balaban), Zəki Vəliyev (tar), əməkdar artis Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Vasif Huseyn (piano) ifaları milli musiqinin klassik ruhunu caz ritmləri ilə birləşdirərək gecəyə xüsusi ovqat bəxş ediblər. Xalq artisti Faiq Sücəddinovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Elegiya” və digər musiqi əsərləri bəstəkarın öz ifasında xüsusi alqışlarla qarşılanıb. Xalq artisti Əlixan Səmədovun balabanda əsrarəngiz ifası isə konsert proqramına xüsusi rəng qataraq tamaşaçılarda unudulmaz təəssürat yaradıb.
Konsertdən sonra Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.