Azərbaycanın milli dəyərləri Çanvonda keçirilən festivalda təqdim olunub

02 Noyabr 2026
  • Xəbərlər
  • Azərbaycanın milli dəyərləri Çanvonda keçirilən festivalda təqdim olunub

Koreya Respublikasının Çanvon şəhərində keçirilən 21-ci “Miqrantların Ariranq Multikultural Festivalı (“MAMF – Migrants’ Arirang Multicultural Festival”) adlı mədəni müxtəliflik festivalında Azərbaycan mədəniyyəti nümayiş etdirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) maliyyə dəstəyi və Cənubi Koreyada fəaliyyət göstərən “OJEong” Ekoloji Dayanıqlılıq İnstitutunun (OJEong Resilience Institute  (OJERI)) tədqiqatçısı Günay Kərimovanın təşkilatçılığı ilə festivalda Azərbaycan guşəsi yaradılıb. Burada ölkəmizin tarixi və mədəni irsi, milli geyimləri, kəlağayı sənəti, çay mədəniyyəti və musiqisi təqdim olunub.

Azərbaycan guşəsi festival ziyarətçilərinə ölkəmizin zəngin ənənələri və milli-mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradıb.

Qeyd edək ki, Koreyanın ən böyük mədəni müxtəliflik festivallarından biri olan bu tədbir Gyeongsangnam-do vilayəti, Çanvon şəhəri, Gyeongnam Miqrant İşçilərin Rifahı Mərkəzi və Çanvon Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutub.