1. Ümumi müddəalar
1.1. Azərbaycan Diasporuna Dəstək Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasında həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafelərinin müdafiəsinə, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qorumasına, daha da inkişaf etdirməsinə və tanıtmasına, xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, soydaşlarımızın sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyini təmin edən publik hüquqi şəxsdir.
1.2. Fond Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) tabeliyində fəaliyyət göstərir.
1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Komitənin qərar, əmr və sərəncamlarını rəhbər tutur.
1.4. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Fond ümumdövlət və ictimai əhəmiyyət kəsb edən fəaliyyətlə məşğul olur. Fondun fəaliyyəti nəticəsində əldə olunan vəsait onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.
1.6. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.7. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. Fond Bakı şəhərində yerləşir.
2. Fondun fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri
2.1. Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafelərinin müdafiəsinə, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qorumasına, daha da inkişaf etdirilməsinə və tanıtmasına, onların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə (bundan sonra – müvafiq sahə) dövlət dəstəyi göstərməkdir.
2.2. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. müvafiq sahənin inkişafına maddi yardım göstərmək;
2.2.2. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə, onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqini genişləndirməsinə maddi yardım göstərmək;
2.2.3. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına yardım göstərmək;
2.2.4. Azərbaycan Respublikasında həyata keçirilən islahatların, əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə və ölkənin mənafelərinin müdafiəsinə maddi yardım göstərmək.
3. Fondun vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Fondun vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. aşağıdakı məqsədlərlə maddi yardım göstərmək:
1. xaricdə yaşayan azərbaycanlılara və onların yaratdıqları qurumlara beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaqda, milli-mənəvi dəyərləri mənimsəməkdə, yaşatmaqda və inkişaf etdirməkdə, eləcə də Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaqda kömək etmək, onların təcrübəsini öyrənmək;
2. Azərbaycan Respublikasını beynəlxalq aləmdə təbliğ etmək və mənafelərini etibarlı müdafiə etmək;
3. Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi, dünyəvi dövlət və demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xaricdə yaşayan azərbaycanlıları, habelə Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporlarını məlumatlandırmaq, bu barədə informasiyanı televiziya, radio, dövri mətbuat və digər vasitələrlə yaymaq;
4. dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaların, milli-mənəvi dəyərlərin Azərbaycan Respublikasının vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar arasında yayılmasını təmin etmək;
5. xaricdə yaşayan azərbaycanlıların Azərbaycanın tarixini və mədəni irsini öyrənməsinə şərait yaratmaq;
3.1.3. xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə, azərbaycanlıların lobbiçilik fəaliyyətinin güclənməsinə və Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsinə maddi yardım göstərmək;
3.1.4. xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb etmək, onların Azərbaycan iqtisadiyyatına investisiya qoymalarını və ölkə ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını təmin etmək məqsədilə təbliğat-təşviqat işlərinin aparılmasına maddi yardım göstərmək;
3.1.5. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, fiziki və hüquqi şəxslərə dəstək göstərmək;
3.1.6. xaricdə yaşayan azərbaycanlıların yaratdıqları ictimai, mədəni və digər birliklərin fəaliyyətinin təşkilinə və inkişafına maddi yardım göstərmək;
3.1.7. xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxana, arxiv, muzey, teatr, musiqi ansambllarına və yaradıcı kollektivlərinə maddi yardım göstərmək;
3.1.8. xaricdə yaşayan azərbaycanlıların öz milli və vətəndaş hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətə, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə beynəlxalq sənədlərdə təsbit olunmuş insan haqlarının müdafiəsi və qorunması prinsiplərinə uyğun olaraq maddi yardım göstərmək;
3.1.9. xaricdə yaşayan azərbaycanlıların problemləri, eləcə də Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı dəyirmi masa, seminar və konfransların keçirilməsinə maddi yardım göstərmək;
3.1.10. azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə və regionlarda ana dilində məktəblərin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılmasına və fəaliyyətinin təşkilinə maddi yardım göstərmək;
3.1.11. xaricdə yaşayan aztəminatlı azərbaycanlılara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada sosial yardım göstərmək;
3.1.12. respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə xaricdə yaşayan azərbaycanlıların və onların ictimai birliklərinin iştirakının təmin edilməsinə maddi yardım göstərmək;
3.1.13. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil almasına, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmasına maddi yardım göstərmək;
3.1.14. xaricdə yaşayan azərbaycanlılar, onların təhsil müəssisələri və digər mərkəzləri üçün ana dili dərsliklərinin, müvafiq təhsil proqramlarının və vəsaitlərinin hazırlanmasına maddi yardım göstərmək;
3.1.15. xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin tədris-metodik və maddi-texniki təminatına və inkişafına maddi yardım göstərmək;
3.1.16. xaricdə yaşayan azərbaycanlıların ana dilini öyrənməsinə, bu dildə təhsil almasına və informasiya əldə etməsinə şərait yaradılmasına maddi yardım göstərmək;
3.1.17. xaricdə yaşayan azərbaycanlılara məxsus kütləvi informasiya vasitələrinə maddi yardım göstərmək;
3.1.18. xaricdə təbii fəlakətlər, ekoloji və digər qəzalar baş vermiş yerlərdə yaşayan azərbaycanlılara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada humanitar yardım göstərmək;
3.1.19. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Fond əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.20. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.21. Fonda ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.22. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.23. Fondun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.24. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.25. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.26. müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.27. bu Nizamnamə ilə Fonda həvalə edilmiş hüquq və vəzifələrin icrası ilə bağlı hesabatları və illik iş planını Komitəyə təqdim etmək;
3.1.28. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Fondun aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi akt layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərhi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.9. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.10. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi ilə bağlı Komitəyə təkliflər vermək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.11. əməkdaşlarının peşəkarlıq səviyyəsini artırmaq məqsədilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil etmək;
3.2.12. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Fondun idarə olunması
4.1. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Fondun idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.
4.3. Fondun strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
4.4. Fondun Müşahidə Şurası (bundan sonra – Şura) Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.5. Şura onun sədri də daxil olmaqla üç üzvdən ibarətdir. Şura üzvlərini Komitənin sədri vəzifəyə təyin və vəzifədən azad edir.
4.6. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.7. Şura qərar qəbul etməkdə müstəqildir.
4.8. Şuranın vəzifələri aşağıdakılardır:
4.8.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Komitəyə təkliflər vermək və sənədlər (o cümlədən Fondun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.8.2. Fondun fəaliyyətinə nəzarət etmək;
4.8.3. İcraçı direktoru vəzifəyə təyin və vəzifədən azad etmək;
4.8.4. Komitənin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.8.5. Fondun strukturunun, işçilərinin say həddinin və əməkhaqqı fondunun müəyyən olunmasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək üçün Komitəyə təkliflər vermək;
4.8.6. Fondun maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
4.8.7. Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.8.8. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
4.8.9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.8.10. Fondun fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.8.11. Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.8.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.8.13. Fondun daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.8.14. Komitənin razılığı ilə Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək.
4.9. Şuranın iclasları ildə azı bir dəfə çağırılır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir (bu Nizamnamənin 4.12-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla). Şuranın iclasında, hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.10. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.11. Şuranın iclasında İcraçı direktor da iştirak edir.
4.12. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.13. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.14. Şuranın sədri:
4.14.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
4.14.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
4.14.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya icra orqanı rəhbərinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.14.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.15. Şuranın üzvləri:
4.15.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.15.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;
4.15.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.15.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
4.15.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.16. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.17. Fondun cari fəaliyyətinə İcraçı direktor rəhbərlik edir. İcraçı direktoru Şura vəzifəyə təyin və vəzifədən azad edir. O, Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə cavabdehdir.
4.18. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. İcraçı direktorun müavinləri İcraçı direktorun onlara həvalə etdiyi vəzifələri yerinə yetirirlər. İcraçı direktor müvəqqəti olmadıqda, müvafiq əmrlə onu müavinlərindən biri əvəz edir.
4.19. İcraçı direktorun vəzifələri aşağıdakılardır:
4.19.1. Fondun fəaliyyətini təşkil etmək, onun cari fəaliyyətinə rəhbərlik etmək və onu təmsil etmək;
4.19.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;
4.19.3. Şuranın qərarlarını icra etmək;
4.19.4. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizinədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.19.5. Fondun strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.19.6. bu Nizamnamənin 3.1.21-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.19.7. cari və operativ məsələlər barədə Şuranı və Komitəni məlumatlandırmaq;
4.19.8. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlər barədə Komitəyə təkliflər vermək;
4.19.9. Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;
4.19.10. Fondun fəaliyyət istiqamətləri ilə bağlı qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
4.19.11. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;
4.19.12. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq etmək;
4.19.13. Fond işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil etmək;
4.19.14. Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək;
4.19.15. Fondun əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;
4.19.16. Fondun Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;
4.19.17. Fondun fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;
4.19.18. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;
4.19.19. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;
4.19.20. Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək.
5. Fondun nizamnamə fondu, əmlakı
və maliyyə fəaliyyətinin əsasları
5.1. Fondun nizamnamə fondu 500 000 (beş yüz min) manatdır.
5.2. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
5.3. Fond öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. Fondun göstərdiyi xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.
6. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Fondun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti və Komitə həyata keçirirlər.
6.2. Fondun fəaliyyətinə dair illik hesabat Komitəyə təqdim edilir.
7. Fondda uçot və hesabat
7.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.
7.3. Fond idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Fondun ləğvi və yenidən təşkili
Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.