Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı həftəsonu məktəblərinin açılması istiqamətində fəaliyyətin gücləndirilməsi, bütün Azərbaycan vətəndaşlarını birləşdirən Ana dilinin daim təbliği kimi fəaliyyətləri diaspor siyasətinin prioriteti kimi təyin etmişdir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə xarici ölkələrdə “Qarabağ məktəbləri”nin qurulmasına başlanılmış və Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində həftəsonu məktəbləri fəaliyyətə başlamışdır. Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini tədris etməklə yanaşı, ölkəmizlə bağlı həqiqətləri də onlara indidən aşılamaqdır ki, gələcəkdə milli kimliyini qoruyub saxlasın, onu təbliğ edə, xalqımızın və dövlətimizin maraqlarını müdafiə edə bilsinlər.
Bu məqsədlə Azərbaycan Diasporuna Dəstək Fondu “Qardaşlaşmış Qarabağ Məktəbləri” adlı yeni layihəsinə start verib. Beləki, bundan sonra da davamlılığının təmin olunması nəzərdə tutulan layihə 18 iyul tarixindən 24 iyul tarixinədək davam edəcəkdir.
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları bir həftə boyunca Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq mərkəzində yerləşəcəklər. Layihədə İsveçrədən 10 şagird və 2 təlimçi, yerli məktəblərdən 14 şagird və 2 təlimçi iştirak edir. Şagirdlərin mədəni-maarifləndirici panellərdə iştirakı, ölkəmizin dilbər guşələrinə səyahəti, muzeylərə səfəri nəzərdə tutulmuşdur. Burada onlara daimi kommunikasiya və şəbəkələşmə ilə yanaşı, Azərbaycan dili təlimləri keçiriləcəkdir. Layihənin növbəti mərhələsində isə yerli şagirdlərin İsveçrəyə səfəri təşkil ediləcəkdir.
Qeyd edək ki, layihənin həyata keçirilməsində Azərbaycan Respublikasının Gənclər Və İdman Nazirliyi ən önəmli tərəfdaşlarımızdan biridir.